TÜRKPA Baş katibinin Türk Dövlətlərinin Əməkdaşlıq Günü və Türk Dövlətləri Təşkilatının yaradılmasının 17-ci ildönümü münasibətilə təbrik mesajı
52
3 oktyabr tarixində türk dünyası Türk Dövlətlərinin Əməkdaşlıq Gününü və türk xalqlarının tarixi, mədəni və qardaşlıq əlaqələrinin inkişafında mühüm mərhələ olan Türk Dövlətləri Təşkilatının (TDT) yaradılmasının əsasını qoyan Naxçıvan Sazişinin imzalanmasının 17-ci ildönümünü qeyd edir.
Ötən 17 il ərzində Türk Dövlətləri Təşkilatı təxminən 40 sahəni əhatə edən hərtərəfli əməkdaşlıq platformasına çevrilərək, türk xalqlarını birləşdirən tarixi, mədəni və qardaşlıq bağlarını əməkdaşlıq, həmrəylik və birgə tərəqqiyə çevirmişdir. Bu mühüm nailiyyət dövlət başçılarının uzaqgörənliyi və rəhbərliyi, eləcə də üzv və müşahidəçi dövlətlərin göstərdiyi əzmkarlıq və səylər sayəsində mümkün olmuşdur.
Bu əlamətdar gün münasibətilə Türk Dövlətləri Parlament Assambleyasının adından və şəxsən öz adımdan üzv və müşahidəçi dövlətlərin xalqlarını və hökumətlərini, habelə Türk Dövlətləri Təşkilatının Katibliyini səmimi-qəlbdən təbrik edirəm.
Təşkilata öz mühüm missiyasının həyata keçirilməsində davamlı uğurlar, türk dövlətləri arasında birlik, əməkdaşlıq və həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində yeni nailiyyətlər arzulayıram. Əminəm ki, TÜRKPA ilə TDT arasında səmərəli əməkdaşlıq türk dünyasının rifahı naminə bundan sonra da dərinləşəcək və genişlənəcəkdir.
TÜRKPA Baş katibi
Ramil Həsən