TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin 3-cü iclası Astanada keçirilib
19 noyabr 2026-cı il tarixində Qazaxıstan Respublikasının Qurultayının ev sahibliyində Astanada TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin 3-cü iclası keçirilib.
“TÜRKPA üzv dövlətlərinin parlamentləri arasında rəqəmsal səhiyyənin inkişafı və səhiyyədə süni intellektin tətbiqi”
mövzusuna həsr olunmuş tədbirdə TÜRKPA üzv dövlətlərinin parlamentlərinin müvafiq komitələrinin üzvləri səhiyyə sistemlərinin inkişafı, rəqəmsal transformasiya və süni intellektin tibb sahəsində artan rolu ilə bağlı fikir və təcrübə mübadiləsi aparıblar.
Proqram çərçivəsində ilk olaraq Qazaxıstan Respublikası Qurultayının sədr müavini Dinara Zakiyeva ilə görüş keçirilib.
Tədbirin rəsmi açılış mərasimində Qazaxıstan Respublikası Qurultayının Sosial və mədəni inkişaf komitəsinin sədri Asxat Aymaqambetov açılış nitqi ilə çıxış edib. Daha sonra TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələrinin sədrləri və digər iştirakçılar çıxış ediblər.
Müzakirələr səhiyyə sahəsində əməkdaşlığın gücləndirilməsi, rəqəmsal səhiyyə həllərinin inkişaf etdirilməsi, habelə süni intellektin tibbi xidmətlərin əlçatanlığının, səmərəliliyinin və keyfiyyətinin artırılması baxımından potensialının araşdırılması məsələlərinə həsr olunub.
İclasın yekununda TÜRKPA üzv dövlətləri arasında rəqəmsal səhiyyə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş tövsiyə qərarları qəbul edilib. Sənəddə sərhədlərarası teletibb məsləhətləşmələrinin genişləndirilməsi, səhiyyə sahəsində süni intellektin tətbiqinin təşviqi, rəqəmsal səhiyyənin hüquqi tənzimlənməsi üzrə parlament təcrübəsinin mübadiləsi, məlumatların mühafizəsi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, eləcə də səhiyyə standartları və təcrübələrinin uyğunlaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Proqram çərçivəsində, həmçinin Astanada yerləşən Ürək Mərkəzi, Milli Uşaq Reabilitasiya Mərkəzi və Ana və Uşaq Mərkəzi ziyarət edilib. İştirakçılar adıçəkilən müəssisələrin fəaliyyəti, tibbi infrastrukturu və xüsusilə uşaqlara ixtisaslaşmış tibbi xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən işlərlə tanış olublar.
TÜRKPA Beynəlxalq Katibliyini Baş katibin müavini Saulekul Saylaukızı və TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi Aynurə Abutalıbova təmsil ediblər.
TÜRKPA Baş katibinin müavini Saulekul Saylaukızı da tədbirdə çıxış edərək, türk dövlətlərində səhiyyə sistemlərinin gücləndirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, təcrübə mübadiləsinin təşviqi, səmərəli qanunvericilik yanaşmalarının irəli sürülməsi və səhiyyə sahəsində ortaq təşəbbüslərin dəstəklənməsi istiqamətində TÜRKPA-nın fəaliyyətinin davam etdirilməsinə sadiqliyini bir daha təsdiq edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Gənc Parlamentarilər Qrupunun 5-ci iclası
- 19 noy 2026