TÜRKPA Azərbaycan parlamentarizmi tarixində qadınların rolu mövzusunda beynəlxalq konfransda iştirak edib
50
5 oktyabr 2026-cı il tarixində TÜRKPA Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Dr. Kadir Yaman Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialı tərəfindən təşkil olunan “Azərbaycan parlamentarizmi tarixində qadınların rolu” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatları, beynəlxalq təşkilatların və milli qurumların nümayəndələri, habelə alimlər, tədqiqatçılar və ekspertlər iştirak ediblər.
Öz çıxışında Dr. Kadir Yaman Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qadınlara seçki hüququnun verilməsi ilə bağlı tarixi qərarının qabaqcıl təşəbbüs kimi bütün Türk dünyası üçün mühüm irs və ortaq istinad mənbəyi olduğunu vurğulayıb. O, həmçinin TÜRKPA Qadın Parlamentarilər Qrupunun üzv dövlətlərdə qadın və kişilər üçün bərabər imkanların təşviqi, eləcə də qərar qəbuletmə proseslərində qadınların iştirakının artırılması istiqamətində fəaliyyətini qeyd edib.
Konfrans iştirakçıları qadın hüquqlarının və siyasi həyatda iştirakının inkişaf etdirilməsinin hüquqi və institusional əsaslarını, Azərbaycan parlamentarizmi tarixində qadınların rolunu, habelə onların dövlət və cəmiyyət quruculuğuna verdiyi töhfələri müzakirə ediblər. Müzakirələr zamanı gender bərabərliyi, qadınların səlahiyyətlərinin genişləndirilməsi, bu tarixi irsin qorunub saxlanılması və qadınların müasir ictimai həyatda fəal iştirakının təşviq edilməsinin əhəmiyyəti də diqqət mərkəzində olub.
Tədbir məktəblilər arasında “Azərbaycan qadınlarının dövlət və cəmiyyət quruculuğunda rolu” mövzusunda keçirilmiş inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi ilə yekunlaşıb. Bu təşəbbüs gənc nəslin qadınların Azərbaycanın inkişafına verdiyi tarixi və müasir töhfələr barədə düşünməsinə imkan yaradıb.