TÜRKPA nümayəndə heyəti Özbəkistanda keçirilən III Beynəlxalq Məqam Sənəti Forumunda iştirak edir
1107
Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyinin dəvəti ilə TÜRKPA Baş katibinin müavini vəzifəsini icra edən Bektur Bazakeçov və komissiya katibi Aynurə Abutalıbovadan ibarət TÜRKPA nümayəndə heyəti 23–26 iyun 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Namanqan şəhərində UNESCO və ICESCO-nun himayəsi altında keçirilən III Beynəlxalq Məqam Sənəti Forumunda iştirak edir.
İyunun 23-də keçirilən açılış mərasimində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev öz çıxışında dünyanın müxtəlif ölkələrindən gəlmiş nüfuzlu nümayəndələri səmimi salamlayıb. O, incəsənətin insanların qəlblərini birləşdirən, qarşılıqlı anlaşma və xoşməramlı münasibətləri təşviq edən mənəvi körpü rolunu oynadığını vurğulayıb. Şavkat Mirziyoyev Beynəlxalq Məqam Sənəti Forumunun məqam musiqi ənənəsinin ümumbəşəri dəyərlərinin qorunması və təşviqi, habelə mədəniyyətlərarası dialoqun gücləndirilməsi baxımından qlobal miqyasda tanınan bir platformaya çevrildiyini qeyd edib.
Prezident UNESCO, ICESCO, Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurası, Türk Dövlətləri Parlament Assambleyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Türk Mədəniyyəti və İrsi Fondu daxil olmaqla nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini, o cümlədən mədəniyyət nazirlərini və nazir müavinlərini, səfirləri, həmçinin 80-dən çox ölkədən mədəniyyət və incəsənət sahəsini təmsil edən təxminən 250 nümayəndəni bir araya gətirən forumda yüksək səviyyəli beynəlxalq iştirakın təmin olunduğunu da xüsusi vurğulayıb.