TÜRKPA ilə Qlobal Tolerantlıq və Sülh Şurası arasında Niyyət Protokolu imzalanıb
1108
25 iyun 2026-cı il tarixində TÜRKPA-nın Baş katibi cənab Ramil Həsən və Qlobal Tolerantlıq və Sülh Şurasının (QTSŞ) Prezidenti cənab Ahmed Bin Mohammad Al-Jarwan arasında gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən Niyyət Protokolu imzalanıb.
TÜRKPA Beynəlxalq Katibliyində keçirilən imzalama mərasimində çıxış edən Baş katib Qlobal Tolerantlıq və Sülh Şurası ilə münasibətlərə yüksək dəyər verdiyini bildirib. O, dostluğun, qarşılıqlı əməkdaşlığın, sülhün və əmin-amanlığın təşviqinə xidmət edən QTSŞ-nin bu günədək dünyanın 40-dan çox parlamenti və beynəlxalq təşkilatı ilə Niyyət Protokolu imzaladığını qeyd edib. Baş katib vurğulayıb ki, parlament diplomatiyasının mühüm istiqamətlərindən biri olan beynəlxalq parlament təşkilatları arasında əməkdaşlığın inkişafı baxımından bu Niyyət Protokolu faydalı və nümunəvi bir əməkdaşlıq modeli təşkil edir.
Cənab Ramil Həsən, həmçinin bildirib ki, imzalanmış Niyyət Protokolu tərəflər arasında əlaqələrin yeni mərhələyə yüksəlməsinə, regionda və dünyada sülhün, qarşılıqlı anlaşmanın və sabitliyin möhkəmləndirilməsinə xidmət edən birgə layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcəkdir.
Öz növbəsində, QTSŞ-nin Prezidenti cənab Ahmed Bin Mohammad Al-Jarwan TÜRKPA ilə əməkdaşlığa böyük önəm verdiklərini qeyd edib. O, QTSŞ-nin TÜRKPA-nın qurucu üzvləri olan Azərbaycan və Qırğızıstan parlamentləri ilə də Niyyət Protokolları imzaladığını xatırladaraq, iki beynəlxalq parlament təşkilatı arasında əməkdaşlığın həm tərəflər, həm də qlobal sülh və əməkdaşlıq naminə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Birgə beynəlxalq konfransların təşkili və müxtəlif beynəlxalq platformalarda əlaqələndirilmiş fəaliyyətin vacibliyinə diqqət çəkən cənab Ahmed Bin Mohammad Al-Jarwan, imzalanmış Niyyət Protokolunun TÜRKPA ilə münasibətlərin daha da möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının formalaşmasına təkan verəcəyinə əminliyini ifadə edib. O, hər iki təşkilata gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüş və imzalama mərasimində TÜRKPA tərəfindən Baş katibin müavinləri cənab Talqat Aduov və cənab Muhammet Alper Hayali, Komissiya katibi Dr. Kadir Yaman və Hüquq məsələləri üzrə mütəxəssis cənab Azər Məmmədov iştirak ediblər.
Qlobal Tolerantlıq və Sülh Şurasının nümayəndə heyətinin tərkibində isə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlamentin (TSBP) Prezidenti Dr. EEpainete Djangrang Sendé, TSBP-nin Baş katibi Prof. Dr. Zoran İlievski və cənab Fahed Matar Ahmed Alafreet Alkuwaiti təmsil olunublar.