TÜRKPA Baş katibi Türkiyə Cumhuriyyətinin vitse-prezidenti cənab Cevdet Yılmaz ilə görüşüb
200
17 iyun 2026-cı il tarixində TÜRKPA Baş katibi cənab Ramil Həsən Türkiyə Cumhuriyyətində rəsmi görüşləri çərçivəsində Türkiyə Cumhuriyyətinin vitse-prezidenti cənab Cevdet Yılmaz ilə görüşüb.
Görüşdə TÜRKPA Baş katibi son dövrdə TÜRKPA-nın həyata keçirdiyi layihələr, daimi komissiyaların və qrupların fəaliyyəti, Türkiyə Cumhuriyyətinin vitse-prezidentinin Azərbaycana son səfəri çərçivəsində TÜRKPA-ya ziyarətindən böyük məmnuniyyət duyduğunu vurğulayaraq, görülən işlərlə bağlı ətraflı məlumat verib, həmçinin qardaş türk dövlətləri arasındakı münasibətlərin yeni mərhələyə yüksəldilməsi, Türk Dövlətləri Təşkilatı nəzdində dövlət başçılarının həyata keçirdiyi mühüm strateji tarixi qərarların parlamentlər tərəfindən ratifikasiya edilməsi kimi proseslərdə TÜRKPA-nın oynadığı və oynaya biləcəyi roldan bəhs etmiş, gələcək planlarla bağlı geniş məlumat verib.
Öz növbəsində Türkiyə Cumhuriyyətinin vitse-prezidenti cənab Cevdet Yılmaz TÜRKPA-nın və TÜRKPA Baş katibinin fəaliyyətinə xüsusi önəm verdiklərini, qurulduğu gündən bu günə TÜRKPA-nın həyata keçirdiyi fəaliyyət yolunu yüksək qiymətləndirdiklərini və bundan sonra da Türk Dövlətləri Parlament Assambleyasının strateji münasibətlərinin inkişafı, yeni mərhələdə gücləndirilməsi, parlament diplomatiyasının və parlamentlər arasında qanunvericiliklərin yaxınlaşdırılması və ortaq parlament platformasının qurulması kimi istiqamətlərdə TÜRKPA-nın xüsusi və mühüm rolundan bəhs edərək, bu tarixi yolda TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə Türkiyə Cumhuriyyəti olaraq əlindən gələn dəstəyi göstərməyə davam edəcəyini vurğulayıb.
Görüşdə Baş katibin müavini Muhammet Alper Hayali iştirak edib.