TÜRKPA Baş katibi Qırğızıstan Parlamentinin Sədri ilə görüşüb
342
5 oktyabr 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Qırğız Respublikası Jogorku Keneşinin Sədri cənab Marlen Mamataliyev ilə görüşüb.
Görüş zamanı 19–20 oktyabr tarixlərində Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçiriləcək TÜRKPA-nın 15-ci Plenar İclası ilə bağlı fikir mübadiləsi aparılıb, tədbirin hazırlıq prosesi ilə əlaqədar müxtəlif məsələlər müzakirə edilib. TÜRKPA Baş katibi tərəfindən ötən bir il ərzində Beynəlxalq Katiblik tərəfindən görülmüş işlər, Plenar İclasa hazırlıq vəziyyəti, üzv ölkələrin parlament sədrlərinin, eləcə də əməkdaşlıq təşkilatlarının rəhbərlərinin tədbirdə iştirakı ilə bağlı məlumat verilib. Həmçinin protokol, təşkilati və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Öz növbəsində, Qırğız Respublikası Jogorku Keneşinin Sədri cənab Marlen Mamataliyev TÜRKPA-nın fəaliyyətinə yüksək qiymət verdiklərini və Beynəlxalq Katibliyin fəaliyyətini tam dəstəklədiklərini bildirib. O, ev sahibi ölkə qismində Qırğız Respublikasının Xarici İşlər Nazirliyi ilə birgə Plenar İclasın və Assambleya Şurasının iclasının keçirilməsi ilə bağlı zəruri hazırlıq işlərinin ən yüksək səviyyədə həyata keçirildiyini qeyd edib və bu istiqamətdə Beynəlxalq Katibliklə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Cənab Mamataliyev bundan sonra da Qırğız Respublikası Jogorku Keneşinin TÜRKPA-nın fəaliyyətinə hərtərəfli dəstəyini davam etdirəcəyini vurğulayıb. O, qanunverici orqanlar arasında münasibətlərin inkişafının xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, qardaş ölkələrin parlamentləri arasında qanunvericilik sahəsində təcrübə mübadiləsinin və oxşar qanunvericilik təşəbbüslərinin təşviqinin vacibliyini vurğulayıb. Bu baxımdan TÜRKPA-nın daimi komissiyalarının qəbul etdiyi mühüm qərarların parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm töhfə verdiyini qeyd edib.
Görüş səmimi və qarşılıqlı anlaşma şəraitində keçib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə TÜRKPA Baş katibinin müavini vəzifəsini icra edən cənab Bektur Bazakeçov, Protokol xidmətinin rəisi cənab Yadigar Məmmədov və hüquq məsələləri üzrə mütəxəssis cənab Azər Məmmədov iştirak ediblər.