TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi Beynəlxalq Konfransda iştirak edib

TÜRKPA Baş katibi Beynəlxalq Konfransda iştirak edib

Tarix
Baxış
472

21 may 2026-cı il tarixində TÜRKPA Baş katibi cənab Ramil Həsən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Antiterror Mərkəzi və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası (MDB PA) tərəfindən birgə təşkil olunmuş “Terrorizmlə mübarizə, radikalizm və ekstremizmin qarşısının alınması üçün süni intellekt və yeni texnologiyalardan istifadənin qanunvericiliklə tənzimlənməsi” mövzusunda Beynəlxalq Konfransda iştirak və çıxış edib.

Cənab Ramil Həsən öz çıxışında süni intellektin və müasir texnologiyaların sürətli inkişafının təhlükəsizlik təhdidlərinin xarakterini dəyişdiyini, rəqəmsal məkanda terrorizm, radikalizm və ekstremizmlə mübarizədə yeni çağırışlar yaratdığını vurğulayıb. O, hüquqi bazanın texnoloji dəyişikliklərə uyğunlaşdırılmasının, beynəlxalq və parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin, habelə dövlətlər və beynəlxalq təşkilatlar arasında səylərin əlaqələndirilməsinin vacibliyini qeyd edib. Baş katib TÜRKPA-nın parlament diplomatiyası və qanunvericilik sahəsində əməkdaşlığın təşviqində oynadığı rolu xüsusi vurğulayaraq, təşkilatın regional və qlobal sülhə, təhlükəsizliyə, eləcə də müasir təhlükəsizlik təhdidlərinə qarşı birgə fəaliyyətə sadiqliyini bir daha təsdiqləyib.

Bu xüsusda, Baş katib beynəlxalq əməkdaşlığın əhəmiyyətinə toxunaraq bildirib ki, terrorizmlə mübarizədə effektiv nəticələrin əldə olunması yalnız birgə səylər, qanunvericilik bazasının modernləşdirilməsi və süni intellektdən sülh və təhlükəsizliyin təmin edilməsi məqsədilə məsuliyyətli istifadə sayəsində mümkündür. Cənab Həsən, həmçinin BMT-nin Nizamnaməsinin məqsəd və prinsiplərinə sadiqliyin vacibliyini bir daha qeyd edib. O, beynəlxalq təşkilatları həmrəyliyi gücləndirməyə, sülh, təhlükəsizlik və humanitar dəyərləri təşviq etməyə, eləcə də terrorizmlə mübarizədə əməkdaşlığı artırmağa çağırıb.

Konfransa MDB PA-nın Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə daimi komissiyasının üzvü, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Beynəlxalq işlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov moderatorluq edib.

Tədbirdə müxtəlif beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) nümayəndələri, ekspertlər, MDB üzv dövlətlərinin millət vəkilləri, diplomatik korpusun və kütləvi informasiya vasitələrinin təmsilçiləri, eləcə də Rusiya Federasiyasının digər rəsmi şəxsləri iştirak ediblər.

Konfrans zamanı TÜRKPA Baş katibini Protokol xidmətinin rəisi Yadigar Məmmədov müşayiət edib.