TÜRKPA Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq üzrə 7-ci Ümumdünya Forumunda iştirak edib
27 oktyabr 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) komissiya katibi Aynurə Abutalıbova Bakı şəhərində “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusunda keçirilən Mədəniyyətlərarası Dialoq üzrə 7-ci Ümumdünya Forumunda iştirak edib.
Forum bu mühüm beynəlxalq təşəbbüsün 15 illiyini qeyd edərək, Bakı Prosesi çərçivəsində Azərbaycanın mədəniyyətlərarası anlaşmanın, qarşılıqlı hörmətin və sivilizasiyalar arasında dialoqun təşviqinə sadiqliyini bir daha təsdiqləyib.
UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT Turizm Təşkilatı ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan Forum dünyanın müxtəlif ölkələrindən beynəlxalq təşkilatların rəhbərlərini, nazirləri, parlament üzvlərini, dini liderləri, alimləri, gənclər nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirib.
Forumun proqramına Gülüstan Sarayında keçirilən açılış mərasimi, Mədəniyyətlərarası Dialoq üzrə Nazirlər Görüşü, Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Görüşü, Qlobal Gənclər Forumu, Qlobal Sahibkarlar Dialoqu, eləcə də Mədəniyyətlərarası və Dinlərarası Dialoq üzrə Akademik Forum daxil olmaqla bir sıra yüksək səviyyəli tədbirlər və tematik müzakirələr daxil olub.
Müzakirələr qlobal çağırışların həllində mədəniyyətlərarası və dinlərarası dialoqun əhəmiyyətinə, dinc birgəyaşayışın təşviqinə, qarşılıqlı etimadın möhkəmləndirilməsinə, habelə inklüziv və dayanıqlı cəmiyyətlərin qurulmasına həsr olunub. Forum, həmçinin təcrübə mübadiləsi aparmaq, müxtəlif baxışları bölüşmək və beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə etmək üçün mühüm platforma rolunu oynayıb.