TÜRKPA Beynəlxalq Türk Xalçası Simpoziumunda iştirak edib
23 noyabr 2026-cı il tarixində TÜRKPA Komissiyasının katibi, doktor Kadir Yaman görkəmli xalçaçı-rəssamı, alim və tədqiqatçı Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr olunmuş “Ortaq irs” adlı Beynəlxalq Türk Xalçası Simpoziumunda iştirak edib.
Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin Marmara Universiteti, Azərbaycan Milli Xalça Muzeyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq simpozium türk dünyasının zəngin xalçaçılıq ənənələrinin beynəlxalq səviyyədə araşdırılmasına, qorunmasına və təşviq edilməsinə, habelə bu sahədə elmi və mədəni əməkdaşlığın genişləndirilməsinə yönəlib.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistandan mədəniyyət qurumlarının nümayəndələri, parlament üzvləri, diplomatlar, alimlər və ekspertlər iştirak ediblər.
Simpoziumun proqramı çərçivəsində Lətif Kərimovun irsi, türk xalça sənətinin konseptual və simvolik aspektləri, muzey kolleksiyaları və xalçaçılıq ənənələri, Mərkəzi Asiyada xalçaçılıq sənəti, Anadolu toxuculuq irsi, eləcə də mədəni irsin qorunmasında müasir dizayn və rəqəmsal texnologiyaların rolu ilə bağlı müzakirələr aparılıb.