TÜRKPA 5-ci Səmərqənd İnsan Hüquqları Forumunda iştirak edib
149
28–29 sentyabr 2026-cı il tarixlərində TÜRKPA Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Dr. Kadir Yaman Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində keçirilən 5-ci Səmərqənd İnsan Hüquqları Forumunda iştirak edib.
“İnsan Hüquqları üzrə Beynəlxalq Paktın 60 illiyi və İnkişaf Hüququ Bəyannaməsinin 40 illiyi: İnsan ləyaqəti, bərabərlik və dayanıqlı inkişaf naminə qlobal tərəfdaşlıq” mövzusuna həsr olunmuş Forumda hibrid formatlarda 200-dən çox ekspert iştirak edib. Tədbirdə Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tanzilə Narbayeva, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nuriddin İsmoyilov, Özbəkistan Respublikası Milli İnsan Hüquqları Mərkəzinin direktoru Akmal Saidov, BMT-nin Özbəkistan Respublikasındakı rezident əlaqələndiricisi Sabine Maçl və digər rəsmi şəxslər çıxış ediblər.
Açılış mərasimində çıxış edən Akmal Saidov iki ildən bir keçirilən Forumun insan hüquqları üzrə unikal dialoq platformasına çevrildiyini və tədbirin İnsan Hüquqları üzrə Beynəlxalq Paktın 60 illiyi, İnkişaf Hüququ Bəyannaməsinin 40 illiyi, habelə Milli İnsan Hüquqları Mərkəzinin 30 illiyi ilə əlaqədar keçirildiyini qeyd edib.
Öz növbəsində, TÜRKPA Komissiyasının katibi Dr. Kadir Yaman təşkilatçılara təşəkkürünü ifadə edərək, qeyd olunan üç əlamətdar ildönümlərinin əhəmiyyətini, eləcə də Səmərqəndin bilik mərkəzi kimi tarixi irsini vurğulayıb. TÜRKPA çərçivəsində parlamentlərin və parlament diplomatiyasının inklüziv və dayanıqlı inkişafın təşviqində, eləcə də müasir qlobal çağırışların həllində rolunu qeyd edən Dr. Kadir Yaman inkişaf prosesinin mərkəzində insan ləyaqətinin dayanmalı olduğunu vurğulayıb.
Forum iştirakçıları müasir qlobal çağırışlar, o cümlədən süni intellekt və rəqəmsal texnologiyaların yaratdığı imkanlar, habelə onlardan irəli gələn hüquqi və etik risklər fonunda universal insan hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.
29 sentyabr 2026-cı il tarixində tədbirlər Səmərqənddə davam etdirilərək yekun plenar iclasla başa çatıb. Plenar iclasın yekununda “Samərqənd - Baxış 2040: İnsan ləyaqəti, bərabərlik və dayanıqlı inkişaf naminə qlobal tərəfdaşlıq” adlı yekun sənəd qəbul edilib.