TÜRKPA Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının on üçüncü iclası keçirilib
402
8 iyun 2026-cı il tarixində Qırğız Respublikası Joqorku Keneşinin ev sahibliyi ilə Bişkek şəhərində “TÜRKPA üzv dövlətləri arasında regional əməkdaşlığın gücləndirilməsində yerli idarəetmə orqanlarının rolu” mövzusunda TÜRKPA Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının on üçüncü iclası keçirilib.
İclasa komissiyanın sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesten sədrlik edib.
İclasda komissiyanın sədri Osman Mesten, komissiyanın sədr müavini Abzal Kuspan, komissiyanın üzvləri Cavanşir Feyziyev, Nurjamal Torobekova və Azamat İsirayilov, Şimali Kipr Türk Respublikası Qanuvericilik Məclisinin üzvü, Hüquq, siyasi məsələlər, xarici əlaqələr və müdafiə komitəsinin sədri Yasemi Öztürk, TÜRKPA Baş katibinin müavini vəzifəsini icra edən Bektur Bazakeçov çıxış ediblər. Komissiya iclasında həmçinin Özbəkistan Respublikasının Qırğız Respublikasındakı səfirliyinin müşaviri Baxtiyor Rozbakiyev də iştirak edib.
İclasda gündəlikdə duran məsələlər müzakirə olunub və 2026-cı ilin oktyabr ayında Qırğız Respublikasında keçiriləcək TÜRKPA-nın 15-ci Plenar iclasına təqdim olunması məqsədilə komissiyanın hesabat məruzəsi və tövsiyə qərarları təsdiq edilib.
Komissiya iclasında yerli idarəetmə orqanlarının TÜRKPA üzv dövlətlər arasında regional əməkdaşlığın inkişafında mühüm rolu vurğulanıb. İştirakçılar Türk dünyasında şəhərlər və bələdiyyələr arasında əməkdaşlığın sosial-humanitar əlaqələrin möhkəmləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə, mədəni mübadilənin təşviqinə və yerli özünüidarəetmənin səmərəliliyinin artırılmasına töhfə verəcəyini qeyd ediblər.
Hesabat məruzəsi və tövsiyə qərarları ilə yanaşı, komissiya tərəfindən hazırlanmış “TÜRKPA üzv dövlətlərində sənaye mülkiyyəti hüquqlarının qorunması haqqında” Model Qanun layihəsi də növbəti Plenar iclasda qəbul edilməsi məqsədilə təsdiqlənib. Model Qanun layihəsi əmtəə nişanları, coğrafi göstəricilər, sənaye nümunələri, patentlər, faydalı modellər və ənənəvi məhsul adları ilə bağlı hüquqların səmərəli qorunmasını təmin etməklə texnoloji, iqtisadi və sosial inkişafa töhfə verməyi hədəfləyir.
Qırğız Respublikası Joqorku Keneşi tərəfindən iştirakçıların şərəfinə təşkil olunmuş nahar çərçivəsində Joqorku Keneşin Beynəlxalq əlaqələr, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədri Elvira Surabaldiyeva ilə görüş keçirilib.
İclasda həmçinin TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali, TÜRKPA Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi doktor Kadir Yaman və TÜRKPA Beynəlxalq Katibliyinin hüquq məsələləri üzrə mütəxəssisi Azər Məmmədov iştirak ediblər.