TÜRKPA Gənc Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib
19 oktyabr 2026-cı il tarixində Qırğız Respublikasının Bişkek şəhərində TÜRKPA-nın 15-ci plenar iclası çərçivəsində “Gənclərin siyasi qərar qəbuletmə proseslərində iştirakı və TÜRKPA üzv dövlətlərinin parlamentlərində gənc parlamentarilərin təmsilçilik səviyyəsi” mövzusuna həsr olunmuş Gənc Parlamentarilər Qrupunun 5-ci plenar iclası keçirilib. Tədbirdə TÜRKPA üzv dövlətlərinin parlament nümayəndələri iştirak ediblər.
İclasa Qrupun rəhbəri, Qazaxıstan Respublikası Qurultayının üzvü Didarbek Dildabek sədrlik edib. Açılış nitqində Dildabek iclasa ev sahibliyi etdiyinə görə Qırğız Respublikasının Joqorku Keneşinə təşəkkürünü bildirmiş, gənc parlamentarilər arasında əməkdaşlığın gücləndirilməsinin, gənclərin siyasi qərar qəbuletmə proseslərində fəal iştirakının təşviq edilməsinin, eləcə də TÜRKPA üzv dövlətlər arasında qabaqcıl təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
İclasda Azərbaycan Respublikası Milli Məclisinin üzvü Anar Məmmədov, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Baxtiyar Kalpayev və Türkiyə Böyük Millət Məclisinin üzvü Emre Çalışkan, TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali çıxış ediblər.
İştirakçılar “Gənclərin siyasi qərar qəbuletmə proseslərində iştirakı və TÜRKPA üzv dövlətlərinin parlamentlərində gənc parlamentarilərin təmsilçilik səviyyəsi” mövsuzunda hesabat məruzəsi layihəsini qəbul ediblər. Hesabat məruzəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin gənclərin siyasi və ictimai həyatda iştirakının təşviqinə dair milli təcrübələri təqdim olunub.
Müzakirələr gənclərin iştirakını dəstəkləyən hüquqi və institusional çərçivələr, gənclərin parlamentlərdə təmsilçiliyi, gənclər şuraları, mentorluq proqramları, seçki maarifləndirilməsi təşəbbüsləri, eləcə də gənc vətəndaşlar və qərar qəbul edən şəxslər arasında dialoqun gücləndirilməsi mexanizmləri ətrafında aparılıb.
Cənab Dildabek gənc parlamentarilərin parlamentlərarası əməkdaşlığın gücləndirilməsində, gənclərin qanunvericilik və siyasi proseslərdə iştirakının təşviq edilməsində, eləcə də TÜRKPA üzv dövlətlər arasında qabaqcıl təcrübə mübadiləsinin təmin olunmasında rolunu vurğulayıb.
Milli parlamentlərdə gənclərin təmsilçiliyinin artırılması, parlament mentorluğu proqramlarının hazırlanması, gənclər şuralarının və məşvərət mexanizmlərinin gücləndirilməsi, habelə gənclər arasında siyasi və seçki savadlılığının artırılması istiqamətində mövcud təcrübələr ətrafında fikir mübadiləsi aparılıb. Milli parlamentlərdə gənclərin təmsilçiliyinə dair müqayisə edilə bilən məlumatların toplanması və mübadiləsinin əhəmiyyətinə xüsusi diqqət yetirilib.
Üzv dövlətlərin parlamentariləri gənc parlamentarilər arasında daha sıx əməkdaşlığın, müntəzəm dialoqun və birgə təşəbbüslərin siyasi qərar qəbuletmə proseslərində gənclərin rolunun gücləndirilməsinə və TÜRKPA çərçivəsində parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Qrup hesabat məruzəsinin və tövsiyə qərarlarının layihələrini qəbul etmiş və növbəti iclasın mövzusunu “Süni intellekt və gənclər: TÜRKPA üzv dövlətlərdə imkanlar, rəqəmsal təhlükəsizlik və faydalı istifadə” olaraq müəyyən edilib. Qrupun 6-cı iclasının TÜRKPA-nın 16-cı plenar iclası çərçivəsində Türkiyə Respublikasında keçirilməsi qərara alınıb.
Tərəflər 2026-cı il 11–14 noyabr tarixlərində Türkiyə Respublikasında “Əməkdaşlıq üzrə türk dünyası baxışı və gənclərin rolu” mövzusunda konfransın keçirilməsi barədə razılığa gəliblər.
İclas Gənc Parlamentarilər Qrupunun icraçı katibi və komissiya katibinin vəzifələrini icra edən Mirlan Usenkanovun koordinasiyası ilə keçirilib.