TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA-nın 15-ci Plenar iclası Bişkekdə keçirilib

TÜRKPA-nın 15-ci Plenar iclası Bişkekdə keçirilib

Tarix
Baxış
140

Qırğız Respublikası Joqorku Keneşinin ev sahibliyində TÜRKPA-nın 15-ci Plenar iclası 20 oktyabr 2026-cı ildə Qırğız Respublikasının Bişkek şəhərində baş tutub.

"Süni intellekt və texnoloji tərəqqi dövründə türk dünyasında parlament əməkdaşlığı" mövzusunda keçirilən Plenar iclas Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərinin sədrlərinin rəhbərlik etdiyi üzv və müşahidəçi parlamentlərin nümayəndə heyətlərini, qonaq qismində Özbəkistan Respublikası Ali Məclisinin nümayəndə heyətini, habelə Türk Dövlətləri Təşkilatı (TDT), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QDİƏT PA), İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı (İƏT Pİ), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), MDB Parlamentlərarası Assambleyası (MDB PA), Qlobal Tolerantlıq və Sülh Şurası (QTSŞ) və Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) kimi türk əməkdaşlıq təşkilatları, müşahidəçi təşkilatlar və digər qurumların rəhbərlərini və nümayəndələrini bir araya gətirib.

Tədbir TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qırğız Respublikası Joqorku Keneşinin sədri cənab Marlen Mamataliyevin səmimi salamlama çıxışı ilə başlayıb. Üzv parlamentlərin sədrləri — Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarova, Qazaxıstan Respublikası Qurultayının sədri cənab Aybek Dadebay, Türkiyə Böyük Millət Məclisinin spikeri cənab Numan Kurtulmuş, habelə müşahidəçi qismində Şimali Kipr Türk Cümhuriyyəti Qanunvericilik Məclisinin spikeri cənab Ziya Öztürkler, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri xanım Tənzilə Narbayeva, TÜRKPA-nın Baş katibi cənab Ramil Həsən və digər iştirakçılar Plenar iclasda çıxış ediblər. 15-ci Plenar iclasın gündəliyinə daimi komissiyaların hesabat məruzələri və tövsiyə qərarlarının, "TÜRKPA üzv dövlətlərində sənaye mülkiyyəti hüquqlarının qorunması haqqında”, “Uşaqların sağlamlığına və inkişafına zərər vuran informasiyadan qorunması haqqında”, “Birgə müəssisə haqqında” və “Kurortlar, sahilyanı sağlamlıq və təbii müalicə yerləri haqqında” model qanunların, TÜRKPA-nın beynəlxalq seçki və referendum müşahidə missiyalarının yekun hesabatlarının, 2027-ci maliyyə ili üçün büdcənin qəbul edilməsi, TÜRKPA-nın komissiyalarının sədrlərinin və sədr müavinlərinin, TÜRKPA Baş katibinin müavinlərinin seçilməsi daxil olub.

Plenar iclasdan sonra mətbuat konfransı keçirilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin sədrləri, eləcə də TÜRKPA Baş katibi tədbirdə iştirak edərək çıxış ediblər.

Namizədliyi Qazaxıstan Respublikasının Qurultayı tərəfindən irəli sürülmüş xanım Saulekul Sailaukızı və namizədliyi Qırğız Respublikasının Joqorku Keneşi tərəfindən irəli sürülmüş cənab Bektur Bazakeçov TÜRKPA Baş katibinin müavinləri seçiliblər.

Qazaxıstan Respublikası Qurultayının deputatı cənab Amirbek Ospanbekov TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədri, Qırğız Respublikası Joqorku Keneşinin deputatı cənab Ulukbek Karıbek Uulu TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının sədri, Qazaxıstan Respublikası Qurultayının deputatı cənab Satıbaldı Burşakov TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədr müavini, Qırğız Respublikası Joqorku Keneşinin deputatı cənab Bekmurza Erqeşov TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədr müavini və Türkiyə Böyük Millət Məclisinin deputatı cənab Tahir Akyürek TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədr müavini seçiliblər.

Assambleya həmçinin Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun Plenar iclas zamanı təqdim edilən hesabat məruzələri və tövsiyə qərarlarını nəzərə alıb. TÜRKPA-nın 16-cı Plenar iclasının 2027-ci ildə Türkiyədə keçirilməsinə qərar verilib. 15-ci Plenar iclas Bişkek Bəyannaməsinin qəbul edilməsi ilə başa çatıb.