Baş katib Pİ-nin 147-ci Assambleyasında iştirak edib
23 oktyabr 2023

23-27 oktyabr 2023-cü il tarixlərində Baş katib Mehmet Süreyya Er Luandada Anqola Milli Assambleyasının ev sahibliyində keçirilən Parlamentlərarası İttifaqın (Pİ) 147-ci Assambleyası və əlaqədar iclaslarda iştirak edib.

Tədbirdə 130 ölkədən 700-ə yaxın parlamentari​, həmçinin Pİ-nin müşahidəçi və tərəfdaş təşkilatlarının nümayəndələri iştirak ediblər. Açılış mərasimində Anqola Respublikasının Prezidenti Joao Manuel Qonsalves Lourenso, Anqola Milli Assambleyasının sədri Karolina Serkeyra, Pİ-nin prezidenti Duarte Paçeko, Pİ-nin Baş katibi Martin Çunqonq və BMT Baş katibinin xüsusi nümayəndəsi Parfe Onanqa-Anyanqa çıxış ediblər.

Ümumi müzakirələr Birləşmiş Millətlər Təşkilatının 16-cı DİM ilə sıx bağlı olan "Sülh, ədalət və güclü təsisatlar naminə parlament fəaliyyəti" mövzusuna həsr edilib. Pİ-nin 147-ci Assambleyası iştirakçılar üçün davamlı inkişafa nail olunmasında yaxşı idarəetmənin mühüm rolu, ictimaiyyət və idarəetmə qurumları arasında etimadın gücləndirilməsi, ictimai institutların daha səmərəli və təmsilçiliyinin artırılması istiqamətində fəaliyyətə dair müzakirə və fikir mübadiləsinin aparılması məqsədilə platforma kimi çıxış edib.

Pİ-nin Assambleyası çərçivəsində Pİ-nin bütün orqanlarının, o cümlədən İcraiyyə komitəsi, İdarəetmə Şurası, dörd tematik daimi komitə, Qadın Parlamentarilər Forumu, Gənc Parlamentarilər Forumu, Parlamentarilərin insan hüquqları komitəsi, Yaxın şərq problemləri üzrə komitə və Beynəlxalq humanitar hüquqa hörmətin təşviqi komitəsinin iclasları keçirilib. Proqrama həmçinin Parlamentlərin Baş Katibləri Assosiasiyasının iclası və tərəfdaş təşkilatlar tərəfindən təşkil olunan bir sıra əlavə tədbirlər daxil edilib.

Assambleya zamanı Baham adaları parlamenti Pİ-yə qoşularaq onun 180-ci üzvü olub. Tanzaniya Birləşmiş Respublikasından olan parlamentari Tulia Ekson İdarəetmə Şurası tərəfindən Pİ-nin 147-ci Assambleyasının yekununda üç illik mandatı başa çatmış Duarte Paçekonun yerinə yeni president seçilib. Tulia Ekson Pİ-nin üçüncü qadın prezidenti və Afrikadan bu vəzifəni tutan ilk qadındır. Pİ parlamentlərə dəstəyin verilməsi məqsədilə bir sıra yeni alət və nəşrlər hazırlayıb.

Pİ-nin 147-ci Assambleyası ümumi müzakirələrin yekun sənədinin qəbulu ilə başa çatıb.

Tədbir çərçivəsində Baş katib Mehmet Süreyya Er TÜRKPA-nın üzv parlamentlərinin Pİ-dəki nümayəndə heyətləri ilə görüşüb.

Pİ 1889-cu ildə yaradılmış milli parlamentlərin qlobal təşkilatıdır. Pİ çoxtərəfli siyasi təşkilat olaraq dünyanın hər bir tərəfindən olan parlamentarilər arasında əməkdaşlıq və dialoqu təşviq edir. Hazırda Pİ-nin 180 üzv parlamenti mövcuddur. TÜRKPA 2010-cu ildən Pİ-nin fəaliyyətlərində daimi müşahidəçi qismində iştirak edir.