TÜRKPA Türk Dövlətləri Ortoped və Travmatoloqlarının Beynəlxalq Konqresinin açılış mərasimində iştirak edib
687
4 sentyabr 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini Talqat Aduov Bakıda Azərbaycan Ortopediya Cəmiyyəti və Türkiyə Ortopediya və Travmatologiya Cəmiyyəti tərəfindən birgə təşkil olunan Türk Dövlətləri Ortoped və Travmatoloqlarının Beynəlxalq Konqresinin açılış mərasimində iştirak edib.
Konqresdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikası eləcə də ABŞ, Almaniya, Rusiya, Şimali Makedoniya, Yunanıstan və Bolqarıstandan 500-ə yaxın aparıcı mütəxəssis bir araya gəlib.
Açılış mərasimində çıxış edən Talqat Aduov TÜRKPA Baş katibi Ramil Həsənin təşkilatçılara və iştirakçılara salamlarını çatdırıb. O, Konqresin türk dövlətləri arasında elmi və praktik əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Talqat Aduov ekspertiza və təcrübə mübadiləsinin, müasir tibbi təcrübələrin paylaşılmasının, eləcə də praktik əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib. O, səhiyyə sahəsində əməkdaşlığın TÜRKPA-nın gündəliyində mühüm yer tutduğunu vurğulayaraq, Türk dünyasında müxtəlif qurumlar, mütəxəssislər, akademik dairələr və təşkilatlar arasında qarşılıqlı əlaqələrin təşviqində parlament diplomatiyasının rolunu xüsusilə qeyd edib.
Konqres panel müzakirələri ilə davam edib.
Tədbirin məqsədi türk dövlətləri arasında səhiyyə sahəsində elmi və praktik əməkdaşlığın təşviq edilməsi, travmatologiya və ortopediya sahəsində təcrübə və bilik mübadiləsinin həyata keçirilməsi, diaqnostika və müalicənin müasir yanaşmalarının müzakirəsi, habelə ortaq elmi təşəbbüslərin təşviqindən ibarətdir.