TÜRKPA müşahidəçiləri Xarici İşlər Nazirliyinin Almatıdakı Nümayəndəliyinin rəhbəri ilə görüşüblər
87
21 avqust 2026-cı ildə TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyasının Almatı qrupu 23 avqust 2026-cı il tarixinə təyin edilmiş Qazaxıstanda parlament seçkilərinin qısamüddətli müşahidəsinin bir hissəsi kimi Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Almatıdakı Nümayəndəliyinin rəhbəri, xüsusi məsələlər üzrə səfir cənab Janibek Abdraşov ilə görüş keçirib.
Cənab Janibek Abdraşov Missiya üzvlərini salamlayıb və TÜRKPA Missiyasının Qazaxıstanda keçiriləcək parlament seçkilərinin müşahidəsində iştirakından məmnunluğunu ifadə edib. O həmçinin TÜRKPA çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb və Qazaxıstanın yeni birpalatalı parlament sisteminə keçidi, yeni seçki sistemi və parlament seçkilərinə hazırlıqlara dair məlumat verib.
Öz növbəsində Missiya üzvləri Qazaxıstanda parlament seçkilərinin beynəlxalq müşahidəsində iştirak etməkdən məmnunluqlarını ifadə edərək, seçkilərin Qazaxıstanın demokratik inkişafında tarixi əhəmiyyətini vurğulayıblar. Onlar seçkilərin Qazaxıstan xalqı və bütövlükdə türk dünyası üçün xeyirli olmasını diləyiblər.
TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyasının Almatı Qrupunun tərkibinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Hikmət Məmmədov, Qırğız Respublikası Joqorku Keneşinin deputatı cənab Ulukbek Karıbek Uulu, Türkiyə Böyük Millət Məclisinin deputatı xanım Filiz Kılıç, TÜRKPA Baş katibinin müavini vəzifəsini icra edən cənab Bektur Bazakeçov, TÜRKPA-nın komissiya katibi cənab Kadir Yaman, TÜRKPA Beynəlxalq Katibliyinin hüquq məsələləri üzrə mütəxəssisi cənab Azər Məmmədov və nümayəndə heyəti katibi, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr və protokol şöbəsinin əməkdaşı cənab Yunus Emre Ünal daxildir.