TÜRKPA nümayəndə heyəti Namanqanda keçirilən beynəlxalq konfransda iştirak edib
823
24 iyun 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini vəzifəsini icra edən Bektur Bazakeçov və komissiya katibi Aynurə Abutalıbovanın daxil olduğu TÜRKPA nümayəndə heyəti Özbəkistanın Namanqan şəhərində 3-cü Məqam Sənəti Forumu çərçivəsində təşkil olunmuş “Şərq məqamında yeni tendensiyalar: ənənə və innovasiyanın harmoniyası” adlı beynəlxalq konfransda iştirak edib.
Açılış mərasimində Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov, Namanqan vilayətinin hakimi Şavkat Abdurazakov, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Sultan Rayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Rayimkulova, Türkiyə Respublikası mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Qazaxıstan Respublikası mədəniyyət və informasiya nazirinin müavini Aybek Sıdıkov, Tacikistan Respublikası mədəniyyət nazirinin müavini Faridun Bobozoda, Qırğızıs Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Salkın Sarnoqoyeva, eləcə də beynəlxalq təşkilatların rəsmiləri iştirak ediblər.
Təbrik nitqi ilə çıxış edən TÜRKPA Baş katibinin müavini vəzifəsini icra edən Bektur Bazakeçov Şərq məqam musiqisində ənənə və innovasiya arasındakı qarşılıqlı əlaqədən bəhs edərək məqamın təkcə musiqi janrı deyil, həm də türk xalqlarının nəsillər boyu formalaşmış fəlsəfi, estetik və mənəvi irsini özündə ehtiva edən dərin bədii ənənə olduğunu vurğulayıb. O, TÜRKPA-nın ortaq mədəni irsin qorunmasına və təşviqinə sadiqliyini bir daha təsdiq edib və XXI əsrdə məqam sənətinin davamlı inkişafının təmin edilməsində rəqəmsal texnologiyaların, musiqi təhsilinin və beynəlxalq əməkdaşlığın rolunu xüsusi qeyd edib.
TÜRKPA nümayəndə heyəti, həmçinin, “Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” ilinin təntənəli açılış mərasimində iştirak edib.