TÜRKPA itkin düşmüş şəxslər məsələsi ilə bağlı əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib
787
30 iyun 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini Talqat Aduov Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Konfrans humanitar məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi, eləcə də itkin düşmüş şəxslərin müəyyənləşdirilməsi sahəsində müasir təcrübələrin paylaşılması çərçivəsində keçirilib. Tədbirdə yüksək səviyyəli dövlət rəsmiləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, beynəlxalq təşkilatların nümayəndələri və aidiyyəti sahələr üzrə ekspertlər iştirak ediblər.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi və İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədovun moderatorluğu ilə keçirilən konfrans zamanı Komissiya itkin düşmüş şəxslərlə bağlı yenilənmiş məlumatları təqdim edib. Bildirilib ki, Qarabağ münaqişələri ilə əlaqədar minlərlə vətəndaş itkin düşmüş hesab olunur. Komissiya DNT və məhkəmə-tibbi ekspertizası vasitəsilə ekshumasiya və şəxsiyyətin müəyyənləşdirilməsi istiqamətində əldə olunan irəliləyişlər barədə məlumat verib, eyni zamanda xeyli sayda şəxsin taleyinin hələ də naməlum qaldığını qeyd edib.
Tədbir itkin düşmüş şəxslər məsələsinin həllində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, məhkəmə-tibbi və elmi potensialın gücləndirilməsi, eləcə də müasir yanaşmaların tətbiqinə dair fikir mübadiləsi ilə davam edib.