TÜRKPA Baş katibi Türk-Amerikan Milli İdarəetmə Komitəsinin (TASC) rəsmi qəbulunda iştirak edib
129
24 sentyabr 2026-cı il tarixində TÜRKPA Baş katibi cənab Ramil Həsən BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə rəsmi səfəri çərçivəsində Türk-Amerikan Milli İdarəetmə Komitəsi (TASC) tərəfindən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın şərəfinə təşkil olunmuş rəsmi qəbulda iştirak edib.
Türkiyə və ABŞ-ın aparıcı siyasətçilərinin, dövlət və hökumət rəsmilərinin, diplomatların, beynəlxalq təşkilatların nümayəndələrinin, ABŞ-da fəaliyyət göstərən türk və müsəlman icmalarının rəhbərlərinin, iri holdinq və şirkətlərin, iş və elm dünyasının təmsilçilərinin, həmçinin Türkiyə Respublikası hökumətinin üzvlərinin, nazirlərin və millət vəkillərinin iştirak etdiyi qəbulda Türkiyə Respublikasının Prezidenti açılış nitqi ilə çıxış edərək ABŞ-da yaşayan türk icmalarının birgə fəaliyyətinin vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində TÜRKPA Baş katibi cənab Ramil Həsən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla görüşərək TÜRKPA-nın fəaliyyəti, həyata keçirilən tədbirlər və təşkilatın qarşıda duran əsas istiqamətləri barədə qısa məlumat təqdim edib.
Tədbirdə TÜRKPA Baş katibini, müavini cənab Muhammet Alper Hayali müşayiət edib.