Ankarada TÜRKPA Gənc Parlamentarilərinin toplantısı keçirilib
12 noyabr 2026-cı il tarixində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi və Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin dəstəyi ilə TÜRKPA Gənc Parlamentarilərinin toplantısı keçirilib.
Açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri prof. dr. Numan Kurtulmuş, Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi cənab Ramil Həsən və Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar İdarəsinin sədri cənab Abdulhadi Turus çıxış ediblər.
Öz çıxışında Türkiyə Böyük Millət Məclisinin sədri prof. dr. Numan Kurtulmuş qonaqları səmimiyətlə salamlayaraq Türkiyədə qardaş türk dövlətlərinin gənc parlamentarilərini görməkdən məmnunluğunu ifadə edib. TÜRKPA-nın təsis edilməsinin 18-ci ildönümü ərəfəsində belə mühüm bir tədbirin Türkiyədə keçirilməsindən şad olduğunu bildirən Parlamentin sədri türk dövlətlərinin parlamentləri arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoymasında, qardaş ölkələr arasındakı münasibətlərin dinamik şəkildə möhkəmləndirilməsində və müxtəlif istiqamətlərdə birgə fəaliyyətin həyata keçirilməsində TÜRKPA-nın mühüm rolunu qeyd edib. Sədr, bu istiqamətdə TÜRKPA-nın son dövrdə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirib. Tədbirin işinə uğurlar arzulayan cənab Numan Kurtulmuş bundan sonra da Türkiyə Parlamentinin TÜRKPA-nın bütün fəaliyyətinə hərtərəfli dəstək göstərəcəyini qeyd edib.
Öz növbəsində, TÜRKPA-nın Baş katibi cənab Ramil Həsən səmimi dəstəyə və tədbirin yüksək səviyyədə təşkil edilməsinə görə Türkiyə Böyük Millət Məclisinin sədri cənab Numan Kurtulmuşa, Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin sədri cənab Abdulhadi Turusa və əməyi keçən hər kəsə dərin minnətdarlığını ifadə edib. Baş katib, həmçinin Türkiyə Böyük Millət Məclisinin deputatı, TÜRKPA Gənc Parlamentarilər Qrupunun üzvü cənab Emre Çalışkana xüsusi təşəkkürünü bildirərək, bu layihənin ərsəyə gətirilməsində onun rolunu xüsusilə qeyd edib. TÜRKPA-nın müxtəlif sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynadığını qeyd edən Baş katib Gənc Parlamentarilər Qrupu, Qadın Parlamentarilər Qrupu və Daimi Komissiyalar çərçivəsində müxtəlif tədbirlərin keçirilməsinin qardaş ölkələr arasındakı əlaqələrin möhkəmləndirilməsinə, parlamentarilər arasında münasibətlərin daha da səmimiləşməsinə və sıxlaşmasına, eləcə də qanunvericilik bazalarının yaxınlaşdırılmasına töhfə verdiyini vurğulayıb. TÜRKPA-nın bundan sonra da üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini bildirən Baş katib iclasda iştirak edən bütün millət vəkillərinə və qonaqlara təşəkkürünü ifadə edib.
Öz növbəsində tədbirdə çıxış edən Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin sədri cənab Abdulhadi Turus bu mötəbər tədbirin keçirilməsinə verdikləri dəstəyə və göstərdikləri təşəbbüsə görə Türkiyə Böyük Millət Məclisinə və TÜRKPA-ya təşəkkürünü bildirib. O, Türkiyə Respublikasının bir çox sahədə olduğu kimi, qardaş türk dövlətlər arasındakı əlaqələrin inkişafına töhfə verən layihələrə də hərtərəfli dəstək göstərdiyini vurğulayıb və TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun fəaliyyətinə də dəstək verməkdən böyük məmnuniyyət duyduğunu ifadə edib. Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsi olaraq bundan sonra da Türk dövlətləri arasındakı əlaqələrin inkişafı və parlamentlərarası əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi istiqamətində atılacaq hər bir addıma mümkün dəstəyi göstərməyə hazır olduqlarını bildirən cənab Turus tədbirin təşkilinə verdikləri əməyə görə TÜRKPA-nın Baş katibinə və Katibliyin nümayəndələrinə təşəkkürünü bildirib, bütün qonaqlara tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını ifadə edib.