Türkiyənin Xarici İşlər Naziri TÜRKPA Baş katibini qəbul edib
523
Türkiyə Respublikasının Xarici İşlər Naziri cənab Hakan Fidan Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsəni qəbul edib.
Görüş zamanı TÜRKPA Baş katibi Assambleyanın son bir il ərzində həyata keçirdiyi fəaliyyət, qarşıdan gələn Plenar iclasa hazırlıq, ortaq parlament strategiyasının işlənib hazırlanması, Türk Dövlətləri Təşkilatı ilə ortaq hədəflər istiqamətində səmərəli əməkdaşlığın gücləndirilməsi, eləcə də üzv dövlətlərin xarici işlər nazirlikləri ilə mütəmadi təmasların faydası və əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, bu istiqamətdə səmərəli əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu ifadə edib.
Cənab Hakan Fidan, öz növbəsində, ətraflı məlumat üçün təşəkkürünü bildirib və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi olaraq bundan sonra da cənab Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA-nın fəaliyyətinə hərtərəfli dəstək verəcəyini ifadə edib. Nazir gələcək fəaliyyətində Baş katibə uğurlar arzulayıb.
Görüşdə TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali iştirak edib.