Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin Bəyanatı
15
10 sentyabr 2026-cı il tarixində TÜRKPA-nın Ətraf Mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi Aynurə Abutalıbova Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Dördüncü İqlim Həftəsi çərçivəsində Bakıda keçirilmiş İqlim dayanıqlılığının, innovasiyaların və enerji keçidinin təşviqində dayanıqlı enerji mərkəzlərinin rolu mövzusunda Regional Dialoqda iştirak edib.
Tədbir İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) və Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının (UNIDO) Regional Dayanıqlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsi (GN-SEC) tərəfindən birgə təşkil olunub.
Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi cənab Muxtar Babayevin açılış nitqindən sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı xanım Nigar Arpadarainin, Qazaxıstanın “Beynəlxalq Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri Mərkəzi” Milli Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri cənab Saken Kalkamanovun və UNIDO-nun Layihə administratoru xanım Marinette Gaillonun çıxışları dinlənilib.
Açılış sessiyasının ardınca “Enerji Keçidi üçün Regional tərəfdaşlıqların gücləndirilməsi: Beynəlxalq əməkdaşlıq vasitəsilə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə Azərbaycanda BMT-nin Rezident əlaqələndiricisi cənab Dmytro Şlapaçenko, Milli Məclisin deputatı və COP29-un yüksək səviyyəli iqlim çempionu Nigar Arpadarai, bərpa olunan enerji və enerji səmərəliliyi üzrə Regional Mərkəzin (RCREEE) Beynəlxalq Əməkdaşlıq və Strateji Tərəfdaşlıqlar üzrə direktoru xanım Nadia Çiuk və CECECO-nun icraçı direktoru xanım Aysel Yaqubova iştirak ediblər.
Regional Dialoqda regional əməkdaşlıq üçün mühüm platforma yaradılaraq enerji sistemlərində süni intellekt və rəqəmsal innovasiyaların rolu, iqlim dayanıqlılığının gücləndirilməsi istiqamətində elmi imkanlar, milli enerji səmərəliliyi planları, eləcə də enerji keçidinin sürətləndirilməsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti ilə bağlı əsas məsələlərə xüsusi diqqət yetirilib.