Hikmət Məmmədov
AZ
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının üzvü

Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Siyasi elmlər doktoru, professordur. Əməkdar jurnalistdir.

1986-cı ildən Bakı soyuducular zavodunda tornaçı, qaynaqçı, konstruktor işləmiş, 1993–1995-ci illərdə «Çinar» qəzetinin müxbiri, baş müxbiri, 1995–1999-cu illərdə Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında təlimatçı, baş təlimatçı vəzifələrində çalışmışdır. 1997–2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Analitik informasiya şöbəsinin rəisi, Mətbuat xidməti və analitik informasiya mərkəzinin rəhbəri, Ümumi şöbə müdirinin müavini-mətbuat xidməti və analitik informasiya sektorunun müdiri, kollegiya üzvü olmuşdur. 2003-cü ildən Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasının baş müəllimi, 2014-cü ildən isə professorudur. 2008-ci ildən «Yeni Azərbaycan» qəzetinin baş redaktorudur.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, İnsan hüquqları komitəsinin, İntizam komissiyasının, Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Bosniya və Herseqovina, Böyük Britaniya, Çin, Gürcüstan, İndoneziya, İspaniya, Koreya, Qırğızıstan, Malta, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.