TÜRKPA TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmişdir
10 noyabr 2022

10 noyabr 2022-ci il tarixində Baş katib Mehmet Süreyya Er Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclasında iştirak etmişdir. Tədbir TDT-nin 9-cu Zirvə görüşü çərçivəsində baş tutmuşdur.

Tədbirdə TDT-yə üzv və müşahidəçi dövlətlərin xarici işlər nazirləri və nazir müavinləri, o cümlədən türk əməkdaşlıq təşkilatlarının rəhbərləri iştirak etmişdir. Görüşdə Türkiyə tərəfi sədrliyi Özbəkistan Respublikasına təhvil vermişdir.

Baş katib çıxışında Assambleyanın cari və gələcək fəaliyyəti haqqında məlumat vermiş və TÜRKPA-nın türk əməkdaşlığının parlament ölçüsü kimi vəzifələrini yerinə yetirməklə bağlı öhdəliyini bir daha təsdiqləmişdir.

Nazirlər və nazir müavinləri dövlət başçılarının noyabrın 11-də keçiriləcək Zirvə görüşü zamanı gündəliyə aid müvafiq sənədləri və imzalanacaq Zirvə Bəyannaməsini müzakirə etmişdir.