İqtisadi əməkdaşlıq komissiyasının onuncu iclası keçirilib
20 aprel 2023

20 aprel 2023-cü il tarixində Qazaxıstan Respublikası Parlamenti Məclisi təfəfindən təşkil edilmiş İqtisadi əməkdaşlıq komissiyasının “TÜRKPA üzv ölkələrinin ticarət-iqtisadi potensialının inteqrasiyası: yeni reallıqda gələcək nəqliyyat karkası” mövzusunda onlayn formatda onuncu iclası keçirilmişdir.

İclas komissiyanın sədri vəzifəsini icra edən Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Anas Bakkojaevin sədrliyi ilə baş tutmuşdur.

Komissiyanın üzvləri gündəlikdəki məsələləri müzakirə etmiş, iclasın əsas mövzusuna dair fikir mübadiləsi aparmışdır.

TÜRKPA regionunda nəqliyyat və logistikanın təşviqinin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayan iştirakçılar, üzv ölkələrin ticarət-iqtisadi potensialının inteqrasiyasında üzv parlamentlərin davamlı artımın və iqtisadi inkişafın bu mühüm elementinin fəaliyyətinin təmin edilməsində oynaya biləcəyi rolu qeyd etmişdir. “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Asset Asavbayev və “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov xüsusi qonaq qismində komissiyanın iclasının mövzusu ilə bağlı çıxış etmişdir.

Komissiya tərəfindən mövzu üzrə hesabat məruzəsi və tövsiyə qərarı, o cümlədən komissiya çərçivəsində işlənib hazırlanmış və 28 aprel 2023-cü il tarixində Ankarada keçiriləcək TÜRKPA-nın on ikinci plenar iclasına təqdim edilməsi məqsədilə “Rəqəmsal maliyyə aktivləri haqqında” Model qanun layihəsi təsdiqlənmişdir.

Komissiya növbəti iclasın 2024-cü il üçün fəaliyyəti çərçivəsində növbəti il Qırğızıstanda keçirilməsi və 2023-2028-ci illər üçün Strateji Yol Xəritəsində öz əksini tapmış komissiyanın “Dövriyyəyə buraxılan məhsulların təhlükəsizliyi və keyfiyyətinin əsasları haqqında” Model Qanun layihəsinin hazırlanmasına dair qərar qəbul etmişdir.